Azərbaycan Macarıstanla təhsil sahəsində əməkdaşlıq edəcək

Günün Ən Son Xəbərləri 2021-07-24 06:36:50
Azərbaycan Macarıstanla təhsil sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Təhsil Nazirliyindən "Report"a bildirilib ki, memorandumu Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev və Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi imzalayıblar.

Memorandum çərçivəsində Azərbaycan vətəndaşları Macarıstanda kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi, təbiət elmləri və davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları və texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri ixtisas istiqamətləri ilə yanaşı, həm də tibb elmləri və beynəlxalq münasibətlər sahələri üzrə təqaüdlü təhsil ala biləcəklər. Eyni zamanda, azərbaycanlı gənclər “one-tier” magistr proqramı (bakalavriat və magistratura birgə) təhsil səviyyəsi üzrə də bu ölkənin ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər.

Həmçinin ilk dəfə Azərbaycan tərəfi Macarıstan vətəndaşları üçün 10 təqaüd yeri təqdim edəcək. Onlar bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanacaqlar.

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyi Macarıstanın İnsan Resursları Nazirliyi ilə təhsil sahəsində sıx əməkdaşlıq edir. Bu günədək 2015-2017-ci və 2018-2020-ci illər üzrə Azərbaycan vətəndaşlarının Macarıstanda təqaüdlü təhsili ilə bağlı iki iş proqramı həyata keçirilib. Hər iki proqram üzrə ümumilikdə 1000-ə yaxın Azərbacan vətəndaşı Macarıstanın “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “University of Szeged”, “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” kimi aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün ehtiyac duyulan ixtisas istiqamətləri üzrə təhsil alıblar.


Əlavə Edilib: 6 Yanvar , 2021,18:45 • Oxunub: 11

Sosial Şəbəkələrdə Paylaş