“Signify” rəhbəri: “Azərbaycan davamlı inkişaf üçün müasir texnologiyalardan istifadə etməyə hazırdır” - MÜSAHİBƏ

Günün Ən Son Xəbərləri 2021-06-22 12:35:13
“Signify” rəhbəri: “Azərbaycan davamlı inkişaf üçün müasir texnologiyalardan istifadə etməyə hazırdır” - MÜSAHİBƏ

“Signify” şirkətinin baş direktoru və idarə heyətinin sədri EriK Rondolanın “Report”a müsahibəsi:

- Cənab Rondola, keçən il Davos Forumu zamanı Azərbaycan Prezidenti ilə görüşdünüz və şirkətinizin Azərbaycandakı fəaliyyəti ilə bağlı ilkin razılaşmalar əldə edildi. Fevral ayında isə dövlət başçısı sizi videoformatda qəbul etdi. Görüşlərdən və Azərbaycanda gördüyünüz işlərdən sizdə yaranan təəssüratları öyrənmək maraqlı olardı.

- Biz bir neçə dəfə görüşmüşük, əvvəlcə Davosda, daha sonra pandemiya səbəbi ilə görüş onlayn formatda oldu, mən evdə idim, mayın 25-də isə Bakıda görüşdük. Bu görüşlər mənə çoxşaxəli təsir bağışladı.

Birincisi, Prezidentin ətraf mühit və enerji qənaətinə nə qədər qayğı göstərdiyini görürük. Eyni zamanda, ölkə davamlı inkişafa keçid üzrə qarşısına böyük hədəflər qoyur ki, bu da, fikrimcə, son dərəcə vacibdir, çünki dünyanın ümumilikdə daha çox davamlılığa, daha müasir texnologiyalara ehtiyacı var.

Prezident İlham Əliyevin və administrasiyasının Azərbaycana daha çox dayanıqlılıq təmin etmək üçün bu günün və gələcəyin texnologiyalarından istifadə etməyə hazır olduğunu hiss etdim. Müzakirə edirik, qərar veririk və həll edirik. Bu, həm də daha sürətli hərəkət etməyə kömək edir, çünki indi Bakıda və Azərbaycanın digər şəhərlərində enerjidən səmərəli yararlanmaqla işıqlandırma layihələri həyata keçiririk; artıq 45 minə yaxın küçə işığı quraşdırmışıq, bunlardan da 28-30 mini Bakının payına düşür. Bu işıqlar enerji səmərəliliyinin 55 % artmasını təmin edir və bu, çox vacibdir. Təsəvvür etdiyiniz kimi, enerji istehlakını yarıdan çox azaltmaq iqlim dəyişikliyinə qarşı mübarizədə çox əhəmiyyətli nailiyyətdir.

- Azərbaycandakı biznes və rəqabət mühitini necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da çox sayda rəqib var. Çindən, o cümlədən Türkiyədən olan şirkətləri görürük. Bazara çıxarkən texnoloji yeniliklər baxımından fərqlənirik. “Signify” digər şirkətlərlə müqayisədə fərqli mövqe tutur, çünki biz davamlı inkişafa inanırıq. Əminik ki, şirkəti planetə zərər vurmadan, əksinə, onun xeyrinə işləməklə inkişaf etdirə bilərik. Bu xüsusiyyət də “Signify” şirkətini bir çox şirkətdən fərqli edir. Bəzi nümunələr göstərim.

Davamlı inkişaf strategiyamızın mərkəzindədir. Elektrik istehlakını azaltmaq və ya bərpa olunan enerji mənbələrindən istifadə etməklə iqlim dəyişikliyi ilə mübarizə üçün çox şey edirik. Bundan əlavə, qida əlçatanlığını təmin etmək üçün həll yollarımız var. Burada əkilən məhsulların daha sürətli böyüməsinə kömək edən və eyni zamanda su istehlakını azaldan kənd təsərrüfatı həllərindən danışırıq.

Materialları təkrar-təkrar istifadə etməyi nəzərdə tutan dairəvi iqtisadiyyat üçün fəal şəkildə həll yolları hazırlayırıq. Lampalarımız üçün xammaldan bir neçə dəfə istifadə edə bilərik.

Həmçinin təhlükəsizlik, sağlamlıq və rifaha inanırıq. Bütün bunlar bizi rəqabət mühitində fərqləndirən davamlı inkişaf prinsipləridir. Misal çəkim. Bakıya son səfərimiz zamanı axşam saatlarında bulvarda 86 LED enerjiyə qənaətli lampanı sınaqdan keçirdik. İdarəetmə sistemi enerji istehlakını daha da azaltmağa imkan verir - yalnız LED lampalar istifadə edilməklə 55%-dən 80%-ə qədər. Lampalarda işıq səviyyələrini artıra və azalda bilən proqram təminatı da daxil olmaqla, bu həlli sınaqdan keçirdik. Məlum olduğu kimi, gecə saat 2-də 100% işıqlandırmaya ehtiyac yoxdur. Beləliklə, artıq Bakıda kiçik ərazidə “ağıllı” işıqlandırma layihəsini həyata keçiririk, bütün şəhəri “ağıllı” etməkdən məmnun olardıq.

- Azərbaycan potensial investorlar üçün nə dərəcədə cəlbedicidir?

- İlk növbədə, şəhərin cəlbediciliyi vacibdir. Mayın sonundakı səfərim zamanı Bakını özüm üçün kəşf etdim. Şəhəri gəzdik və mən Qız qalası, İçərişəhər, Xalça Muzeyini gördüm, bu gözəl şəhərin ab-havasına alışdım. Bakı üçün xüsusi, bir az sarımtıl rəngli binalar səciyyəvidir. Küçələrində quraşdırdığımız işıqlandırma da eyni rəngə malikdir. Bu tonun rəng temperaturunu ölçdük - 2700 K və xüsusi olaraq Bakı üçün bu rəng temperaturu ilə lampalar hazırladıq, buna “Baku Champagne” (Bakı şampanı) deyirik. O, şəhəri turistlər və investorlar üçün cəlbedici edən unikal atmosferi vurğulayır.

Ölkələrdə işləməklə yanaşı, davamlı inkişafa bağlılığımızı bölüşən ölkələrə sərmayə qoymaq da bizim üçün vacibdir. Orada oxşar dəyərlərə sahib ortaqlarla iş qura bilərik. Hesab edirəm ki, bu, investorlar və şirkətlər üçün çox vacibdir, çünki əlavə dəyər qazanırlar. Bu, həmçinin ölkənin inkişafı üçün texnoloji həll təklif edən şirkətlər üçün əlverişli mühit yaradır.

Bundan əlavə, Azərbaycan üzərinə bizim üçün çox vacib olan davamlı inkişaf üzrə öhdəliklər götürür. Ölkə Paris Sazişinin iştirakçısıdır. Orada ölkələrin üzərlərinə götürdükləri öhdəliklər arasında 2030-cu ilə qədər CO2 emissiyalarında 35% azalma olacağı ilə bağlı bənd var. Bundan əlavə, Azərbaycan 2019-cu ildə Avropa İttifaqının “Climate Action” (İqlim Fəaliyyəti) proqramına qoşulub. Bizim də oxşar öhdəliklərimiz olduğundan bu, bizim üçün böyük əhəmiyyət kəsb edir. Hökumətiniz də Azərbaycanı daha dayanıqlı etmək üçün aktiv mövqe tutur. Bu, danışıqları asanlaşdırır və ölkənin düzgün istiqamətdə inkişafına kömək edərək işimizi genişləndirə bilərik.

- Bakıda nümayəndəlik açmağı planlaşdırırsınız?

- Bəli, amma hələlik dəqiq tarix məlum deyil.

- Bildiyiniz kimi, 44 günlük müharibə nəticəsində Azərbaycan təxminən 30 il sonra torpaqlarını erməni işğalından azad etdi. Prezidentin tapşırığına əsasən, azad edilmiş bölgələrdə “ağıllı kəndlər” və “ağıllı şəhərlər” yaradılır. “Signify” bu prosesə töhfə verə bilərmi?

- Prezidentlə “yaşıl” kəndləri hazırlamağa hazır olduğumuzu müzakirə etmişdik və burada iki cəhət var: birincisi, bu ərazilərə aydın identiklik vermək lazımdır və bunu fasad işıqlandırması ilə edə bilərik. Məsələn, dəniz kənarında yerləşən Kukla Teatrını idarəetmə sistemi və palitrasında 16 milyondan çox rəng olan müasir enerji qənaətli həllər ilə işıqlandırırıq. Bunu dediyiniz kəndlərdə memarlıq işıqlandırması ilə etmək olar. Onlara layiq olduqları vizual identikliyi verə bilərik.

Başqa bir yol da “yaşıl kəndlər” yaratmaqdır. Bunun üçün günəş işığından istifadə edirik. Bu, bizim üçün vacibdir, çünki Azərbaycan çox günəşli ölkədir. 300 gün günəş işığı varsa, gecə vaxtı süni işıqlandırma yaratmaq üçün təbii işıqdan istifadə edə bilərsiniz. Bizdə günəş paneli, batareya və işıq mənbəyini bir cihazda birləşdirən, elektrik şəbəkəsinə qoşula bilən həll var – “SunStay” işıqlandırıcı lampaları.

“Yaşıl” işıqlandırma bu cür kəndlər üçün yaxşı həldir, çünki orada hər şey sıfırdan başlanmalı, bütün infrastruktur yenidən qurulmalıdır. Bunu düzgün texnologiya və düzgün planlaşdırma ilə etmək daha yaxşıdır. Hesab edirik ki, yalnız “ağıllı” yox, həm də “yaşıl” həllərdən istifadə etmək vacibdir. Sonuncuya gəlincə, düşünürəm ki, burada bu, xüsusilə vacibdir, çünki Azərbaycanda, demək olar, bütün il günəşli olur.

- Bu “ağıllı” sistemlərin, o cümlədən azad edilmiş ərazilərdə tətbiqinin üstünlükləri və mənfi cəhətləri nələrdir?

- Gələcəyin kəndinin necə görünə biləcəyini anlamağa çalışaq. Artıq indidən Azərbaycanda sabahın texnologiyalarının bir çox nümunəsi var. İlk növbədə, enerjiyə qənaətli və “ağıllı” işıqlandırma quraşdırırıq. Enerji qənaəti 80%-ə qədər ola bilər. Niyə qənaət belə vacibdir? Bu, yalnız planet üçün deyil, həm də Azərbaycan kimi ölkə üçün yaxşıdır. İnkişaf etmək istəyirsinizsə, daha çox enerjiyə ehtiyacınız var. İşıqlandırmaya qənaət etməklə bu enerjidən iqtisadiyyatı böyütmək üçün istifadə edə bilərsiniz. Bakıda göstərdiyimiz texnologiyalar 55% və 80% enerji qənaətini təmin edir. Bu, çox böyük rəqəmdir, odur ki, bunda heç bir çatışmazlıq görmürəm.

Ərzaq mallarının əlçatanlığına keçək. Gələcəyin kəndi məhsul yetişdirmək üçün işıqdan istifadə edəcək. Belə ki, məsələn, LED həllərimizlə pomidorlarda məhsuldarlığı 30% artırmaq olar, özü də tərəvəzlər tam nəzarət olunan iqlim şəraitində, pestisidlər, herbisidlər və qatqılar olmadan yetişdirilir və adi istehsaldan 80%, yəni 5 dəfə az su istehlak edirik.

Daha da irəli gedə və şaquli fermalar quraşdıra bilərik. Bakıda böyük istixanaların olduğunu gördüm, amma şəhərdə, təbii işığa çıxışı olmayan məkanlarda (məsələn, zirzəmilərdə) də məhsul yetişdirmək mümkündür. Şaquli əkinçilik kvadrat metrə yüksək məhsul verir. Şəhər sakinləri lokal olaraq yetişdirilən tərəvəz, göyərti, meyvələr ala biləcəklər. Bununla da nəqliyyatla daşınmaya ehtiyac qalmayacaq və beləcə böyük miqdarda CO2 tullantısı aradan qaldırılacaq.

Fermer təsərrüfatları – mal-qara, quşlar və ya balıqlar üçün də oxşar həllər təklif edirik. Doğru, keyfiyyətli işığı istifadə edərək heyvanların rifahını və təsərrüfatların məhsuldarlığını artıra bilərik.

Gələcəyin şəhəri xammalı təkrar istifadə edə biləcəyimiz şəhərdir. Bu gün problem nədədir? Məhsul istehsal edirsiniz və onun dəyişdirilməsi lazım olduqda onu zibilxanaya atırsınız. Təkrar emaldan çıxmış plastik materialdan hazırlanmış 3D çap lampaları üçün texnologiya hazırlamışıq. Xammal 4 dəfəyə qədər təkrar istifadə edilə bilər, buna görə də adi lampanın istismar müddəti 10-15 ildirsə, 3D-printerdə çap olunmuşunun “ömrü” 60 ildir. Beləliklə, yeni resursdan istifadə etmək lazım gəlmir, eyni materialları 4 dəfəyə qədər təkrar istifadə edə bilirsiniz. Azərbaycanda artıq “Bravo” üçün bənzər layihəmiz var - şəbəkənin 7 mağazasını belə lampalarla təchiz etmişik.

Heç bir mənfi təsir görmürəm, çünki bu, planet üçün, insanlar üçün yaxşıdır, yaşadığımız şəraitin yaxşılaşdırılmasına kömək edir. Texnologiyalar sayəsində iş şəraitini yaxşılaşdıra bilərsiniz, eyni zamanda planet üçün daha yaxşı texnologiyalardan istifadə etmək olar.

Digər maraqlı mövzu gənclikdir. Universitet bitirən gənclər çox vaxt kənd təsərrüfatına getmək, sahələrdə işləmək və s. istəmirlər. Ancaq indi bu sahə çox texnoloji hala gəlir, dünyanı daha davamlı etmək istəyən daha ağıllı və iddialı gəncləri cəlb edir. Kənd təsərrüfatının inkişafı çox vacibdir, çünki qida məhsullarını bugünkü kimi istehsal etsək, 2050-ci ildə qida problemini həll edə bilməyəcəyik.

Bir sözlə, bu yeni texnologiyalarda heç bir qüsur görmürəm, çünki onlar şirkətlərə, ölkələrə və bütün planetə irəliləyiş gətirir.

- Sumqayıt və Şamaxıdan başqa, daha harada layihələr həyata keçirməyi planlaşdırırsınız?

- Texnologiyamızın töhfə verə biləcəyi bir çox fərqli sahə var. Prezident İlham Əliyevlə görüşdə daha altı şəhərdə - Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şirvan və Lənkəranda küçə işıqlandırması layihələrinin həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəldik.

Bildiyiniz kimi, hazırda Bakıda genişmiqyaslı küçə işıqlandırması layihəsi həyata keçiririk və artıq 700 küçədə lampalar quraşdırmışıq, bunun nəticəsində də enerji istehlakı 55% azalıb. Bakıda fasad işıqlandırma layihələrimiz də var.

Bundan əlavə, çox sayda abidəsi olan və Azərbaycan mədəniyyəti üçün çox vacib şəhər sayılan Şuşanın şəhər işıqlandırmasının ümumi planlaşdırılmasında iştirak etmək təklif edilib. Ölkənin bu ərazilərə investisiya yatırmağa hazır olduğunu başa düşürük və ekoloji cəhətdən təmiz, “ağıllı” və enerjiyə qənaət edən işıqlandırma həllərimizin köməyi ilə rahat və sağlam şəhər mühitinin yaradılmasına töhfə verməyə hazırıq.

- Ölkəmizdəki dekarbonlaşma prosesini necə qiymətləndirirsiniz? Qlobal istiləşmə və çirklənmənin qarşısını almaq üçün ölkələrin atması lazım olan ən vacib addımlar hansılardır?

- Qlobal miqyasda kiçik şirkətik, lakin davamlı inkişaf barədə bəyanat veririksə, bu prinsiplərə əməl etməliyik. Özünüz bu istiqamətdə çalışmırsınızsa, iqlim dəyişikliyi və dayanıqlılıq mövzusunda ölkələr və şirkətlərlə danışıqlar aparmaq çətindir, buna görə əvvəlcə bu hədəfə çatdıq. Doqquz il əvvəl şirkətin 2020-ci ilə qədər karbon tullantılarından azad olacağına qərar verdik. 2020-ci ilin sentyabr ayında “Signify” dünyadakı bütün istehsal zəncirində tam karbonsuzluq əldə etdi.

Ancaq iş yalnız karbonsuzlaşdırmadan getmir, bu gün elektrik enerjimizin 100%-ni bərpa olunan mənbələrdən alırıq. Bundan əlavə, Avropada, eləcə də ABŞ-da elektrik enerjisinin virtual satınalma razılaşmasında iştirak edirik, burada uzunmüddətli perspektivdə insanlardan elektrik enerjisi almağı öhdəlik kimi götürərək onlara bərpa olunan enerji mənbələri sahəsində yeni istehsal gücləri yaratmağa kömək edirik. Bu virtual elektrik enerjisi alqı-satqısı müqaviləsi ilə istehlakımızı qismən və ya tamamilə əhatə edirik, buna görə də biz də bərpa olunan enerji mənbələri sahəsinə investisiya qoyuruq. Şirkətin təbiətin qayğısına qalması da bizim üçün vacibdir. 2020-ci ilin sonunda “Signify” bütün istehsal sahələri üçün sıfır tullantı səviyyəsi əldə edib. Heç nə zibilə atılmır, tullantıların 93%-i artıq təkrar emal edilib.

Üstəlik, 2020-ci ildə işçi təhlükəsizliyi baxımından ən yaxşı göstəriciyə sahib olduq. Gəlirimiz baxımından onu deyə bilərəm ki, 2015-2020-ci illər aralığında 2 milyard LED lampa satmağı hədəfləyirdik, təxminən 3 milyard satdıq. 2020-ci ildə gəlirlərimizin 84%-ni enerjiyə qənaətli məhsullar, sistemlər və xidmətlər hesabına qazandıq və hədəf göstəricisini 4% üstələdik. Davamlı inkişafa dair öhdəliklərimizin çoxunu yerinə yetirdik. Bu, yalnız başlanğıcdır. Bununla davamlı inkişaf prinsiplərinə sadiq olduğumuzu nümayiş etdiririk.

İstər Bakıdakı kimi əlaqəli sistemlər, istərsə də günəş enerjisi ilə işləyən həllər olsun, biz davamlılığa bağlı həll və texnologiyalar hazırlayıb inkişaf etdiririk.

Qida problemini həll etmək üçün daha yüksək keyfiyyətli məhsul yetişdirməyə kömək edən işıqlandırma hazırladıq. Zibillik problemi ilə mübarizə aparmaq üçün isə lampaların ömrünü uzatmaq üçün komponentlərin çıxarılmasına və dəyişdirilməsinə imkan verən 3D çap və modul konstruksiyalar istifadə olunur.

İnsanların sağlamlığı və rifahı üçün UV-C həlli (ultrabənövşəyi işıqlandırma) hazırladıq və laboratoriyada onun COVID-i saniyələr içində məhv etdiyini təsdiqləyən testlər apardıq. Məsələn, ofislərimizdə belə lampalar tavanlara quraşdırılıb.

Həllərimiz şəhər təhlükəsizliyini də artıra bilər. Araşdırmalar göstərir ki, onlar bədbəxt hadisələrin sayını, eləcə də ümumilikdə cinayətkarlıq səviyyəsini azaldır. Bu ona görə baş verir ki, bu cür işıqlandırma izləmə sistemləri ilə üzün tanınması üçün daha yaxşıdır. Beləliklə, söhbət yalnız enerji səmərəliliyindən deyil, həm də şəhər və onun sakinləri üçün bir çox əlavə faydalardan gedir. Başqalarının dayanıqlı dünyanın bir hissəsi olmasına kömək edə biləcək texnologiyalar hazırlayırıq.

- Azərbaycan dördüncü sənaye inqilabının astanasındadır. Bu, daha müasir və daha ucuz texnologiyaların dövrüdür. Bu mənada “Signify” sənaye inqilabı ilə ayaqlaşa biləcəyikmi?

- Bunu etməliyik, düşünürəm ki, başqa seçimimiz yoxdur. Bu inqilab qoşulmanı, məlumat ötürülməsini, eləcə də robototexnika və süni intellekti nəzərdə tutur. Bu sahələrin hamısı ilə işləyirik və dördüncü sənaye inqilabının ön sıralarındayıq.

Məsələn, “Interact” platformamız bələdiyyələrin trafik axınlarını və ya müvafiq infrastruktur planlaşdırması üçün şəhərin müxtəlif rayonlarındakı havanın çirklənmə səviyyələrinin optimallaşdırılmasına kömək etmək üçün trafik axınları haqqında informasiyalara əsaslanan məlumat toplaya bilər. Ofislərdə obyekt rəhbərlərinin ofis istifadəsini yaxşılaşdıracaq dəyişikliklər etməsinə kömək edərək masaların və iclas otaqlarının təmizlənməsinə kömək edə bilərik. Şirkətlərin daha da böyüməsinə kömək etmək üçün növbəti sənaye inqilabı vasitələrindən də istifadə etdiyimiz bir çox fərqli nümunələr var.

Texnologiyaların inkişafında hər zaman ön planda olmağa çalışırıq. Bilirsinizmi ki, dövriyyəmizin 4%-dən çoxunu elmi araşdırmalara və təcrübə-konstruktor işlərinə xərcləyirik? Düşünürəm ki, bu, mütləq ölçüdə rəqiblərimizdən daha çoxdur. “Signify” qarşısında aydın məqsəd var: zamanla və gələcək inqilablarla ayaqlaşmaq üçün texnologiyaya sərmayə qoymaq, yeniliklərə investisiya yatırmaq.

- Araşdırmalara görə, 2050-ci ildən sonra qlobal karbon emissiyaları daha da arta bilər. Bu o deməkdir ki, 2100-cü ildə orta temperatur 1,5 dərəcə yüksək olacaq. Şirkətiniz ətraf mühiti qorumaq və qlobal istiləşmənin qarşısını almaq üçün hansı texnologiyalardan istifadə edir?

- Bu sahədə yaradılmasında da iştirak etdiyimiz və “Üç faiz klubu” adlanan bir təşkilat vasitəsilə çalışırıq. Təşkilata qlobal enerji səmərəliliyi hədəfinin 3% (1,3% əvəzinə) səviyyəsinə qaldırılması fikrini dəstəkləyən və təbliğ edən 15 ölkə və 10 şirkət daxildir. Düşünürəm ki, indi bu fikir getdikcə daha çox başa düşülür. 3%-ə çatmaq qarşıya məqsəd qoyularsa və bütün binalarda, bütün infrastrukturda səmərəli texnologiyalardan istifadə edilərsə, o zaman dünya nəinki Paris Sazişinin hədəflərinə çatacaq, həm də 2050-ci ilədək karbonsuzlaşmaya nail ola biləcək. Odur ki, nikbinik. 3%-ə nail olmaq mümkündür və bunun üçün texnologiya artıq mövcuddur. Buna görə də infrastrukturu yeniləmək üçün daha çox sərmayəyə ehtiyac olduğunu düşünürəm.

LiFi adlı texnologiya da hazırlamışıq. O, işıq vasitəsilə verilərin ötürülməsinə (WiFi kimi) imkan verir. Təsəvvür edin, telefonunuzu işığa tutub internetə giriş əldə edirsiniz. Bu texnologiyanın infrastruktur baxımından böyük üstünlüyü var – işıq infrastrukturu mövcud olduğundan yenisini qurmağa ehtiyac yoxdur. Beləliklə, planetin resurslarından daha az istifadə edirsiniz. Bundan əlavə, bu əlaqə sabitdir və yüksək sürətə malikdir (WiFi-dən 10-20 dəfə daha sürətli). Eyni zamanda, məlumatlarınız kənar şəxslərdən etibarlı şəkildə qorunur, çünki şəbəkəyə daxil olmaq üçün birbaşa bu lampaların quraşdırıldığı otaqda olmalısınız. Müştərilərimizin çoxu bu texnologiyanı çox təhlükəsiz olduğu üçün sevir. Ancaq LiFi həm də ekoloji cəhətdən daha təmizdir, yəni radiodalğalardan istifadə edən WiFi-dan fərqli olaraq, yalnız işıq spektrindən istifadə edir.

Gələcəkdə sürücüsüz avtomobillər küçə fənərləri ilə idarə oluna biləcək, LiFi isə onlara avtomobilin hərəkəti barədə məlumat verəcək. Bu texnologiya bu gün artıq mövcuddur. Daha bir nümunə - növbəti avtobusun nə vaxt gələcəyini öyrənmək və ya növbəti avtobusda yer rezerv etmək üçün sadəcə telefonunuzu fənərin altına tuta bilərsiniz. Bu texnologiyalarla çox şey əldə edilə bilər. Odur ki, irəlidə gediləsi hələ çox yol var.

- Şirkətiniz Azərbaycana nə qədər vəsait yatırmağı planlaşdırır? Azərbaycan Prezidenti ilə hansı planları müzakirə etmisiniz?

- Müntəzəm görüşlərimiz olur, bir çox fərqli mövzuları müzakirə edirik. Prezident nə qədər sürətlə irəlilədiyimizi bilmək istəyirdi. LED küçə işıqlandırması, “ağıllı” küçə işıqlandırması, kənd təsərrüfatı kimi müxtəlif layihələri nəzərdən keçiririk. Ölkə üçün nəyin maraqlı ola biləcəyini görmək üçün müxtəlif texnologiyalardan danışırıq.

Prezident İlham Əliyevlə son görüşümüzdə daha əvvəl qeyd etdiyim kimi, Bakının təcrübəsini daha 6 şəhərdə tətbiq etməklə bağlı razılıq əldə etdik. Bu cür praqmatik və texnoloji yanaşma ilə çox sürətlə irəliləyirik. Məqsədimiz daha az enerji sərfiyyatı yolu ilə CO2 tullantılarını azaldaraq Azərbaycanı daha dayanıqlı etməkdir və bu hədəf bizim üçün aydındır. Buna görə “Signify” şirkətinin ölkə iqtisadiyyatının inkişafındakı iştirakını vacib sayırıq.

İnvestisiyalarımızın həcminə gəlincə, onları açıqlaya bilmirəm.


Əlavə Edilib: 10 ?yun , 2021,16:19 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş