Sərgidə KOBİA-nın dəstəyi ilə 9 sahibkarın məhsulları nümayiş olunur

Günün Ən Son Xəbərləri 2021-06-22 01:33:46
Sərgidə KOBİA-nın dəstəyi ilə 9 sahibkarın məhsulları nümayiş olunur

Bu gün Bakı Ekspo Mərkəzində öz işinə başlamış 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan 2021” sərgilərində mikro və kiçik sahibkarlar da məhsul və xidmətlərini təqdim edirlər.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış xüsusi stenddə 9 mikro və kiçik sahibkarlıq subyekti tərəfindən müxtəlif bitki çayları, ədviyyat, yağlar, meyvə quruları, çərəzlər, qablaşdırma məhsulları və s. nümayiş olunur.

“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, Bakı və Gəncə şəhərlərini, Abşeron, Qəbələ və Zaqatala rayonlarını təmsil edən KOB-lar onlar üçün ayrılmış xüsusi stenddə məhsul və xidmətlərini təqdim etməklə yanaşı, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq üçün müxtəlif işgüzar görüşlər keçirirlər.

Sərgilər sahibkarlarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin satış imkanlarını genişləndirməsi və işgüzar əlaqələrinin inkişafı baxımıdan əhəmiyyətlidir. KOBİA 2018-ci ildən etibarən startapların, mikro və kiçik sahibkarların məhsul və xidmətlərini ixtisaslaşmış sərgilərdə təqdim etməsinə dəstək göstərir. İndiyədək Agentliyin bu dəstəyindən 170-dən çox startap, mikro və kiçik sahibkarlıq subyekti yararlanıb.

KOBİA həmçinin “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinə dəstək göstərən qurumlar sırasındadır.

Qeyd edək ki, “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgiləri koronovirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgilərdir. Sərgilərdə dünyanın 30-a yaxın ölkəsindən 240-dan çox şirkət iştirak edir.


Əlavə Edilib: 10 ?yun , 2021,13:49 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş