"Qəbələ" simulyasiyaya görə qovulan futbolçusunu cəzalandırıb

Günün Ən Son Xəbərləri 2021-06-23 06:20:49

"Oyunun çətin keçəcəyini bilirdik. Hava şəraiti dinamik futbol göstərməyə mane olurdu".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XIII turunda səfərdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, əvvəlki turla indiki arasında az vaxt olduğu üçün heyətdə bəzi dəyişikliklər edib: "İnanırdıq ki, bu oyunçular əvəzlədikləri futbolçuların boşluğunu dolduracaqlar. Qələbə köklənmişdik. İnanırdıq ki, məzmunlu oyun göstərsək, 3 xal qazanacağıq. Şükürlər olsun ki, komanda verilən tapşırığı yerinə yetirdi".

Baxşıyev mövsümün əvvəlində komandanın gec formalaşdırıldığını söyləyib: "Hətta bəzi oyunçular 3-4-cü turlarda bizə qoşuldu. Ona görə də komandaya vaxt lazım idi. Bununla belə, ilk turlarda da layiqli oyun göstərirdik. Əsas tələbəimiz hücuma tez çıxmaq və effektli olmaqdır. İnanıram ki, bu, bizim maksimumuz deyil. Komanda hücum planında daha yaxşı ola bilər".

Ceyms Adeniyi ilə bağlı fikirlərini bölüşən baş məşqçi onun Azərbaycana gəlmiş ən yaxşı legionerlərdən biri olduğunu vurğulayıb: "Onun səviyyəsi hamıya bəllidir. "Qəbələ"yə gələndə futbolçunun potensialına bələd idik. Sadəcə, müəyyən qədər futbolsuz qalmışdı. Bu da onun oyununa təsir etmişdi. Biz Ceymsə inanırıq. Komandada qalmasına şad olarıq".

Baş məşqçi qış fasiləsində hücumameyyli yarımmüdafiəçi transfer etmək istədiklərini deyib: "Hazırkı oyunçularla da böyük məqsədlər üçün oynamaq olar. Hamısı keyfiyyətli futbolçudur. Sadəcə, rəqabəti daha da artırmaq üçün bir oyunçu alınsa, yaxşı olardı".

Baxşıyev ötən tur "Qarabağ"la matçda simulyasiya etdiyi üçün meydandan qovulmuş Rövlan Muradovla danışdığını bildirib: "Bizim üçün vacib futbolçudur. Sadəcə, emosiyalarını cilovlaya bilmir və bunu büruzə verir. Onu cəzalandırmışıq. Amma hansı formada olduğunu mətbuata açıqlamaq istəmirik. Ümid edirik ki, bu hal gələcəkdə təkrarlanmayacaq".


Əlavə Edilib: 24 Dekabr , 2020,18:55 • Oxunub: 43

Sosial Şəbəkələrdə Paylaş