Azərbaycanda sənaye istehsalı 2% azalıb

Günün Ən Son Xəbərləri 2021-06-22 03:42:22
Azərbaycanda sənaye istehsalı 2% azalıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 % az sənaye məhsulu istehsal edilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,2 % azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,2 % artmışdır.

Sənaye məhsulunun 62,5 %i mədənçıxarma sektorunda, 31,2 %i emal sektorunda, 5,5 %i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,9 % azalmış, əmtəəlik qaz hasilatı isə 7,7 % artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 4,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı 98,5 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 96,3 %, tütün məmulatlarının istehsalı 86,3 %, elektrik avadanlıqlarının istehsalı 81,5 %, toxuculuq sənayesi məhsullarının istehsalı 43,0 %, kağız və karton istehsalı 41,0 %, tikinti materiallarının istehsalı 29,3 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,6 %, geyim istehsalı 20,5 %, qida məhsullarının istehsalı 7,7 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,3 %, neft məhsullarının istehsalı 3,0 %, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4 % artmış, hazır metal məmulatlarının istehsalı 4,7 %, içkilərin istehsalı 8,6 %, kimya sənayesi məhsullarının istehsalı 9,8 %, mebel istehsalı 28,9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,7 %, poliqrafiya məhsullarının istehsalı 63,5 %, sair nəqliyyat vasitələrinin istehsalı 70,9 % azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,1 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,6 % artmışdır.


Əlavə Edilib: 10 ?yun , 2021,12:06 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş